AZƏRBAYCAN XƏBƏRLƏRİ

Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən azad edilib - YENİLƏNİB

Rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Sputnik
BAKI, 21 dekabr - Sputnik. Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Yusif oğlu Talıbovun müraciətini nəzərə alıb.
Qərara əsasən, Vasif Yusif oğlu Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib.
Rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
***
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.
Bu barədə sosial şəbəkədə jurnalist Sara Əzimova məlumat verib.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov
Qərar səsə qoyularaq qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sessiyaya yekun vuraraq deyib ki, "bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq".
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.
***
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
APA xəbər verir ki, o, bu gün Ali Məclisinin iclasında istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.