BAKI, 21 dekabr — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki rəsmi səhifəsində Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun yubileyi ilə əlaqədar paylaşım edib.
Paylaşımda deyilir: "Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə, MEHRİBAN".
Xatırladaq ki, dekabrın 21-də Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 yaşı tamam olur.
Adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, “İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli akademik Ömər Eldarov Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 20-də Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
O, həyatının 60 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr edib, ötən müddət ərzində bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltaraşlığımızın lideri kimi səciyyələndirirlər.