SƏHİYYƏ

Gələn il 700 tibbi xidmətin xidmətlər zərfinə əlavə edilməsi gözlənilir

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri danışıb.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. "Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2550 xidmət daxildir".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.
O qeyd edib ki, növbəti il 700 tibbi xidmətin xidmətlər zərfinə əlavə edilməsi gözlənilir: "Bu xidmətlərə travmataoji, kardioloji, transplantasiya əməliyyatlarının da daxil olması nəzərdə tutulur".
Qeyd edək ki, xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
Təcili və təxirəsalınmaz tibbi yardım;
İlkin tibbi-sanitariya yardımı;
Ambulator xidmət;
Stasionar xidmət;
Funksional-diaqnostik və laborator müayinələr;
Fizioterapevtik xidmətlər;
Cərrahi əməliyyatlar ( o cümlədən həyati vacib, dəyəri yüksək əməliyyatlar).
Xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib.