BAKI, 21 dekabr — Sputnik. BMT Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizi boyunca sərbəst keçidi təmin etməyə çağırır, lakin vəziyyətin təfərrüatlarını dəqiqləşdirə bilmir. Bunu BMT Təhlükəsizlik Şurasının iclasında Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə baş katibinin köməkçisi Miroslav Yença deyib.
"Gərginliyin son əlaməti dekabrın 12-də Laçın dəhlizində Rusiyanın sülhməramlı postu yaxınlığında etiraz aksiyaları ilə bağlı xəbərlər oldu. Bu yol bölgə əhalisi üçün həyati əhəmiyyət kəsb edir. Daxil olan məlumatlara görə, bu etirazlar mineral ehtiyatların qanunsuz istismarına qarşı yönəlib. Həmin istismar ətraf mühitə ziyan vurur. BMT Laçın dəhlizində, eləcə də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə mövcud deyil və buna görə də müxtəlif iddia və ittihamları təsdiq və ya yoxlaya bilmir. Bildiyiniz kimi, hazırda etirazlar davam edir", - Yença qeyd edib.
O, hərəkət azadlığının və əsas xidmətlərə çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb: "Bu baxımdan, biz Rusiya sülhməramlı qüvvələrinin dəhlizdən təhlükəsiz keçidi təmin etmək öhdəliyini alqışlayırıq".
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.