BAKI, 21 dekabr — Sputnik. Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 1100 ABŞ dollarından aşağı enib.
21 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti 1092,6 dollar təşkil edib.
Qeyd edək ki, ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1000 kubmetrinin qiyməti 1170 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
Qazın qiymətinin ucuzlaşması bir neçə amillə izah olunur. Yaxın günlərdə Avropa ölkələrinin əksəriyyətində havanın temperaturunun iqlim göstəricisindən yüksək olacağı proqnozlaşdırılır ki, bu da anbarlardan qaz çıxarılması tempini zəiflədəcək. Bundan başqa, ötən həftə qeydə alınan rekord istehlaka baxmayaraq, Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcminin yüksək səviyyədə qaldığı deyilir.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.