CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yeni il" həyatın yenilənməsini, yeni imkanların yaranmasını tərənnüm edir - İlahiyyatçı

Hacı Şahin təəssüf hissi ilə qeyd edib ki, bəzən cəmiyyətdə müəyyən məhdud qruplar var ki, bu məsələlərlə bağlı aqressiv mövqe nümayiş etdirirlər və dinə qarşı sanki bir döyüş elan edirlər.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Hər il yeni təqvim ilinin gəlişi ərəfəsində insanlar arasında bunun bayram kimi qeyd olunub-olunmaması ilə bağlı fikir ayrılığı yaranır. Bu da bəzən mübahisələrə səbəb olur. Belə ki, bəzi dindarlar iddia edirlər ki, yeni il xristian dininə aid bayramdır, bu bayramın müsəlmanlar tərəfindən qeyd olunması doğru deyil. Bəziləri isə 31 dekabrı həm təqvim ilinin dəyişməsi, həm də Dünya Azərbaycanlılarının həmrəlik günü kimi qeyd olunmasının tərəfdarıdır.
Bəs görəsən, yeni ilin qeyd olunması və şam ağacının bəzədilməsi müsəlmanlar üçün haram sayıla bilərmi? Mövzunu ilahiyyatçılarla müzakirə etdik.
İlahiyyatçı Elşad Mirinin bildirir ki, Azərbayacan tolerant ölkədir. Tolerantlıq mühitində bu tipli qadağaların olması doğru deyil:

"Heç müqəddəs kitabımızın özündə belə qadağalar yoxdur. Qurani-Kərimin 16-cı - ən-Nəhl surəsinin 116-cı ayəsində bildirilir ki, dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin. Çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". Təqvimin qeyd olunması haramdırsa, o zaman doğum günlərini də qeyd etməsinlər. Ölkədə nə qədər dövlət bayramları, xüsusi günlər var. Onda gərək biz onları da qeyd etməyək. Savadlı din adamı bu fikirləri səsləndirməməlidir. Bu, din adamları ilə digər insanlar arasında ikitirəlik yaradır".

Elşad Miri
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli qeyd edib ki, təqvim həyatın tənzimlənməsi üçün düşünülüb, bu baxımdan onun yenilənməsi müxtəlif məsələləri simvolizə edir.
"Əsas məsələ budur ki, insanlar ötən ilin nailiyyət və çatışmazlıqlarını nəzərdən keçirir, yeni ildə nailiyyətlərin çoxalması və çatışmazlıqların aradan qaldırılması üçün plan düşünürlər. Bu ictimai, siyasi, iqtisadi, şəxsi və mənəvi mövzulara da aiddir", - deyə o bildirib.
Din xadimi onu da əlavə edib ki, ilin başlanğıcı xalqlara görə dəyişə bilər, amma mahiyyəti hamı üçün eynidir:

"Yeni il bayramı həyatın yenilənməsini, həm də yeni imkanların yaranmasını tərənnüm edir. İnsanlar da bunu bayram kimi qeyd edir. Yeni həyatın başlanğıcını sevinclə qarşılamaq isə təbiidir. Hər xalqın təqvimin dəyişilməsi ilə bağlı öz adət-ənənələri, nağılları, qəhrəmanları var. Düzdür, qloballaşma dövründə artıq bu adətlər milli sərhədləri aşır, bir-birinə qarışır, amma bunu da bir qədər təbii qarşılamaq gərəkdir".

Hacı Şahin Həsənli
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsinin sözlərinə görə, bizim xalqımız da bir çox digər xalqlar kimi böyük Sovet dövlətinin tərkibində olmuşuq və sovetlərdə formalaşmış bayram ənənələrini mənimsəmişik.
"Bu gün bu adət-ənənələr yad mədəniyyətin təsiri kimi dəyərləndirilmir, heç kəs yeni ili qeyd etməklə özünü başqa dində olanlara bənzətdiyini düşünmür", - deyə hacı Şahin bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, bu bayram hansısa konkret mədəniyyətə məxsus edilə, yad dəyərlərlə eyniləşdirilə bilməz:

"Ona görə də, dinimiz bu bayramı qeyd etməyi qadağa etmir. Bu bayram özünü hesabata çəkmək, yeni planlar qurmaq, qohum və dostlarla bir araya gəlmək, uşaqları sevindirmək üçün bir bahanədir. Bu isə, öz-özlüyündə müsbət haldır. Əsas budur ki, bayram qeyd edərkən əxlaqi çərçivələr aşılmasın. İnsanların əylənməsi gözəl haldır, amma əyləncə həyatın digər sahələri kimi heç bir çərçivə tanımazsa, həm insanın, həm cəmiyyətin ziyanına işləyəcək".

Xatısladaq ki, bir neçə il əvvəl Ağdaş rayonunda hündürlüyü 10 m olan, yeni il şənliyi üçün quraşdırılan süni şam ağacı bəzi dindarlar tərəfindən yandırlmışdı. Bu kimi hallar hər yeni ildə təkrarlanır.
Hacı Şahin təəssüf hissi ilə qeyd edib ki, bəzən cəmiyyətdə müəyyən məhdud qruplar var ki, bu məsələlərlə bağlı aqressiv mövqe nümayiş etdirirlər və dinə qarşı sanki, bir döyüş elan edirlər:
"Təbii ki, insanlar bu bayramı qeyd edib-etməməkdə azaddırlar. Yəni bu, insanların öz seçimidir. Heç kim heç kimi nəyəsə məcbur eləmir, amma ağacı yandırmaq, yaxud da sosial şəbəkələrdə Şaxta babanın kəsilmiş başını göstərib ona müharibə elan etmək sağlam təfəkkürün nəticəsi deyil. Dini nöqteyi nəzərdən də bu kimi aqressiv addımlar yolverilməzdir".
İlahiyyatçı onu da əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda qeyd olunan yeni il xristian ənənəsi kimi qeyd olunmur, sadəcə təqvim ili kimi qeyd olunur.
"Bu da hansısa bir yad mədəniyyətinin təsirinə məruz qalmaq deyil. Ona görə də insanlar bu kimi məsələlərdə diqqətli olmalıdırlar. Bəziləri də bunu məqsədli şəkildə edirlər ki, cəmiyyətdə istənilən mövzuda bir parçalanma yaratsınlar. Ona görə insanlar diqqətli olmalıdırlar və bu kimi aqressiv hərəkətlərdən çəkinməlidirlər".