SƏHİYYƏ

TƏBİB-in tabeliyindəki xəstəxanalarda icra edilən cərrahi əməliyyatların sayı açıqlanıb

Əhalinin əlçatanlığının yaxşılaşdırılması məqsədilə ASM-lərin və Tibb məntəqələrinin sayının artırılması, infrastruktur vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir .
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirir.
Bu barədə TƏBİB-in Tibbi Statistika və Analitika şöbəsinin müdiri Anar Qasımov bildirib.
Onun sözlərinə görə, məqsəd tabeli tibb müəssisələrində tibbi xidmətlərin təşkili və keyfiyyətin yüksəldilməsidir. TƏBİB-in tabeliyində inzibati ərazi vahidləri üzrə qruplaşdırılan 13 tibbi ərazi bölməsi (Gəncə, Bakı, Sumqayıt, Bərdə-Yevlax, Şəki-Zaqatala, Göyçay-Kürdəmir, İmişli-Sabirabad, Lənkəran, Şəmkir-Tovuz, Dağlıq Şirvan, Quba-Xaçmaz, Cəlilabad-Salyan, Ağdam-Ağcabədi tibbi ərazi bölmələri) fəaliyyət göstərir.
TƏBİB-in Tibbi Statistika və Analitika şöbəsinin müdiri Anar Qasımov
Azərbaycan Respublikası Prezidentinin 13.05.2022-ci il tarixli fərmanına əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.
TƏBİB Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirir, habelə "Elektron hökumət" portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə çıxışını və göndəriş barədə məlumatların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi"nə ötürülməsini təmin edir.
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri (TƏBİB-in tabeliyində olan tibb müəssisələri) tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.
Hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də TƏBİB ilə razılaşdırılmaqla hərbi-həkim komissiyaları yaradıla bilər.
Gələn ildən TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını və dövlət proqramlarının icrasını və həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin edəcək, habelə TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.
"Fürsətdən istifadə edib, adıçəkilən tibb müəssisələrinin rəhbərliyinə və çoxminli kollektivinə TƏBİB-lə səmərəli əməkdaşlığa və koordinasiyalı fəaliyyətlərinə görə təşəkkür edirəm! Bizim hər birimizin amalı eynidir – vətəndaşların sağlamlığının keşiyində dayanmaq!" - Anar Qasımov bildirib.
2022-ci il ərzində görülən işlərə nəzər salsaq, aşağıdakılar qeyd olunmalıdır:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur. Bundan əlavə ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə 1-1.5 intervalında əmsallar tətbiq edilir. Bununla da ixtisaslı həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edir. Eyni zamanda, ailə həkimlərinə ödənilən aylıq sabit həvəsləndirici əlavənin məbləği artırılaraq 500 manata çatdırılmışdır".
Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanır.
Əməkhaqqı artımları ilə bağlı təkliflərin dəyərləndirilməsi və dəyişikliklərin edilməsi məqsədilə Əməkhaqqı Komissiyası fəaliyyət göstərir. Daxil olan təkliflər komissiya üzvləri tərəfindən dəyərləndirilir.
Səhiyyə sisteminin təkmilləşdirilməsi
Bildiyiniz kimi, əhaliyə daha keyfiyyətli və əlçatan tibbi xidmət göstərmək məqsədilə respublika ərazisi üzrə rayon mərkəzi xəstəxanalarında ilkin səhiyyə xidmətində (İSX) strukturunda da təkmilləşdirilmə işləri aparılmışdır. Bu tədbirlər çərçivəsində ailə sağlamlıq mərkəzləri yaradılmış və bu mərkəzlər lazımi şəraitlə təmin edilmişdir. Yaşayış mənəqələrində yaradılmış kənd həkim məntəqələri və tibb məntəqələri ASM-lər üzrə təhkim olunmuşdur.
Əhalinin əlçatanlığının yaxşılaşdırılması məqsədilə ASM-lərin və Tibb məntəqələrinin sayının artırılması, infrastruktur vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Son illərdə ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr respublikanın bütün bölgələrini əhatə edir. Yeni tibb müəssisələrinin ən son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir.
Bilirsiniz ki, bu ildən Yeni Klinikada da ənənəvi tibbi xidmətləri bərpa etmişik. Xəstəxanada quraşdırılan avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir.
Tibb ocağında cərrahiyyə, terapiya, təcili yardım, poliklinika, ürək damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr vətəndaşlari tibbi xidmətlə təmin etməyə hazırdır. Bu səhiyyə ocağında reanimasiya şöbəsində 70 xəstə yeri mövcuddur, 21 əməliyyatxana müasir cihazlarla təchiz edilərək istifadəyə hazır vəziyyətə gətirilib.
Eyni zamanda, poliklinikada uroloji, kardioloji, terapevtik bölümlər ümumi cərrahiyə, kardiocərrahiyyə, lor, qastrentologiya, radiologiya şöbəsi fəaliyyətdədir. Mərkəzi Klinikada ümumi cərrahiyyə şöbəsinə aid əməliyyatlar icra olunur. Terapevtika şöbəsi stasionar olaraq fəaliyyət göstərir.
Əsas məqsədimiz tibbin ən son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməklə xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərməkdən ibarətdir.
Təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi
Son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir.
Görülən əhəmiyyətli işlərdən biri stasionar tibbi xidmət göstərən dövlət tibb müəssisələrində qəbul şöbələri və təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Yenilik çərçivəsində Qəbul şöbələrinin bazasında xəstələrə hərtərəfli xidmət göstərilməsinin mümkün olduğu Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri yaradılır. Avropa ölkələrinin təcili yardım xidmətindəki uğurlu təcrübəsi əsasında yaradılan bu şöbə triaj (təcili yardım xidmətində tibbi müdaxilənin prioritetləşdirilməsi) sisteminin qurulması ilə fərqlənir. Qeyd edək ki, pasiyentlər bu şöbəyə birbaşa müraciət əsasında qəbul olunur və ya Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən çatdırılır. Bu yeniliyin başlıca məqsədi xəstəxanaların stasionar və ambulator şöbələrinin iş yükünü azaltmaq və kadr potensialından səmərəli istifadəni təmin etməkdir.
Artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi də diqqət mərkəzindədir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd "Fiat Doblo", 131 ədəd "Mercedes", 34 ədəd "Ford Transit" markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 diferensiallı (4x4) "Mercedes Vito" avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.
Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib.
Bu günlərdə ölkə başçısına təqdim edilən "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.
Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq.
"Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması" layihəsi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən "Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması" layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsinə başlanılıb.
Layihə çərçivəsində Sumqayıt Tibb Mərkəzində, Salyan Rayon Mərkəzi Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, Elmi-Tədqiqat Kardiologiya İnstitutunda və s. tibb müəssisələrində tibbi laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub. Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.
Mərkəzi Laboratoriyanın fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb.
Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorların "E-Təbib" proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə əldə edə bilərlər.
TƏBİB-də kadr siyasəti, kadrların təkmilləşdirilməsi
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 125 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 orta tibb işçisi, 22 min 608 kiçik tibb işçisidir. 2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub.
Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, müvafiq sahə üzrə təlimçilərin hazırlanması məqsədilə tibb müəssisələrindən ümumilikdə 2000-dən çox personal təlimlərə cəlb edilmişdir. Türkiyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıqda "Təcili Tibbi Yardım" təlimləri təşkil edilmişdir.
Bildiyiniz kimi, TƏBİB-in qarşısına qoyulmuş vəzifələrdən biri vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Bu baxımdan tibb müəssisələrində yeni - keyfiyyətin idarə edilməsi üzrə ştat strukturunun yaradılması, müəssisələrdə göstərilən tibbi xidmətlərin keyfiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün yeni bir addımdır. Hazırda tətbiq olunan keyfiyyət standartlarının qiymətləndirmə meyarları işlənib hazırlanıb ki, bu da gələcəkdə tibb müəssisələrinin keyfiyyət dinamikasını əyani olaraq izləməyə imkan verəcəkdir.
Beynəlxalq əməkdaşlıq layihələri
ÜST, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Avropa İttifaqı, BTM-nin Əhali Fondu (UNFPA) və Dünya Bankı ilə ilkin səhiyyə və təcili tibbi yardım xidmətlərinin, eləcə də infeksion nəzarətin gücləndirilməsi, vaksinasiyaya dəstək, ana və uşaq sağlamlığına diqqətin artırılması və s. istiqamətlər üzrə müxtəlif layihələr icra olunmuş və icra olunmaqdadır.
Vətəndaş müraciətləri
• Daxil olan ümumi müraciətlərin sayı: 8.648;
• Daxil olan şikayətlərin sayı: 2.173 (ümumi müraciətlərin 25%-i);
• Daxil olan şikayətlərin mövzuları: Müayinə və müalicə prosedurları üzrə - 28%,
• Müəssisənin infrastrukturu ilə bağlı 20%,
• Etik davranış qaydalarının pozulması üzrə 13%,
• İş və əmək münasibətlərinin pozulması üzrə 13%.
• Daxil olmuş hər bir müraciət TƏBİB-in müvafiq struktur qurumları tərəfindən araşdırılaraq müraciət edən təşkilatlara və vətəndaşlara araşdırmanın nəticələri, görülmüş tədbirlər barədə məlumatlar verilir. Bakı şəhəri üzrə vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin əsas məzmunu İlkin səhiyyə müəssisələrində tibbi xidmətin göstərilməsi zamanı fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər, tibbi sənədləşmənin icrası ilə bağlı köməklik göstərilməsi və s. ilə əlaqəlidir.
2023-cü ildə qarşıya qoyulan hədəflər
• Ana və uşaq sağlamlığının inkişaf etdirmək, bununla bağlı neqativ halları azaltmaq;
• Vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini artırmaq;
• Xidmətlərin əlçatanlığını artırmaq;
• Tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması;
• Tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək;
• Tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsini təkmilləşdirmək;
• Beynəlxalq əlaqələri və tibbi turizmi (TƏBİB tabeliyində olan tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən xarici vətəndaşların yararlanması) inkişaf etdirmək;
• Tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq;
• Xəstəliklərin daha erkən aşkarlanması məqsədilə profilaktik xidmətləri inkişaf etdirmək.
• Ölüm səbəbləri arasında əsas yer alan xəstəliklərin (qan dövranı sistemi xəstəlikləri, bədxassəli törəmələr, sinir, endokrin, tənəffüs sistemi xəstəlikləri və s.) qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmiş kompleks tədbirlər.
• İSX-də tibbi xidmətin keyfiyyətinin artırılması, əlçatanlığın təmin edilməsi məqsədilə Ailə həkimi institutunun möhkəmləndirilməsi, kadr ehtiyatlarının say və keyfiyyət baxımından yaxşılaşdırılması, mövcud potensialdan səmərəli istifadə edilməsi və beynəlxalq təcrübələrin İSX-də tətbiqinin genişləndirilməsidir.
• TƏBİB tabeli tibb müəssisələrinin yüksək kvalifikasiyalı kadrlar ilə təmin edilməsi
• Əhalinin ixtisaslaşdırılmış tibbi xidmətə əlçatanlıq səviyyəsinin artırılması
• Paytaxtda ölkə üzrə ixtisaslaşdırılmış tibbi xidmətin koordinasiyasını həyata keçirən tibb müəssisələrinin yaradılması. Mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi.
• Tabeli müəssisələrdə reabilitasiya xidmətlərinin gücləndirilməsi.
• Həkim və orta tibb personalının nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdiriməsi üzrə fəaliyyət
• İnnovativ texnologiyaların tətbiqi. Xəstəliklərin diaqnostikası və müalicəsində müasir yanaşma
• TƏBİB tabeli tibb müəssisələrinin xarici ölkələrin aparıcı klinikaları ilə əməkdaşlığın təmin edilməsi