MƏDƏNİYYƏT

Tanınmış heykəltaraş prezident tərəfindən təltif olunub

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Ömər Eldarov kimdir?
Ömər Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib.
1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969–1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.