SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran XİN-dən Laçın dəhlizi açıqlaması

Kənani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün lüzumsuz gərginlik aradan qaldırılmalıdır.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. İran Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə Laçın dəhlizi məsələsinin tezliklə həllinə ümid edir.
Bunu İSNA xəbər agentliyinə müsahibəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.
"İran həmişə Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər".
Kənani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün lüzumsuz gərginlik aradan qaldırılmalıdır.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.