TƏHSİL

Nazir əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması barədə tapşırıq verdi

Elm və təhsil naziri Emin Əmrullayev ali məktəblərin rektorları ilə peşəkar kadrların hazırlanmasını müzakirə edib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev ali məktəblərin rektorları ilə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasını müzakirə edib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, nazir ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Bildirilib ki, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri, mövcud resurslardan düzgün istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib. Eyni zamanda əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsi ilə bağlı inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.
Görüş zamanı İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov 2014-2020-ci illər ərzində bakalavriat səviyyəsi üzrə məzun olan tələbələrin məşğulluğu, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov isə pedaqoji profilli ixtisaslar üzrə ali təhsil müəssisələrindən məzun olmuş tələbələrin 2022-2023-cü tədris ilində keçirilmiş MİQ imtahanlarındakı nəticələrinə dair statistik təhlili iştirakçıların diqqətinə çatdırıb.
Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.
Qeyd edək ki, artıq bu ənənə bəzi universitetlərdə tətbiq edilir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) hər il 3200-ə yaxın məzunu bazara çıxarır. Bu universitetin tələbələrinin əksəriyyəti, maliyyə, mühasibatlıq, menecmentlik istiqamətləri üzrə iş tapırlar. Onların bir qismi biliklərini daha da təkmilləşdirir, bir qismi başqa ixtisaslara yönəlirlər. Başqa ixtisaslara yönələn şəxslər bazarın tələblərini düşünərək belə addım atırlar.