BAKI, 20 dekabr-Sputnik. Milli Məclisdə deputatlar Fransanın Korsika əhalisinin hüquqlarını tapdalamasını sərt şəkildə pisləyiblər.
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransanı Korsikada insan haqlarını qorumağa çağırıb. O diqqətə çatdırıb ki, bu məsələni BMT-də də qaldırmaq lazımdır. Çünki Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvdür.
Komitə sədri bildirib ki, heç kimin ümumbəşəri dəyərləri adiləşdirməyə ixtiyarı yoxdur. Təəssüflər olsun ki, Azərbaycana dərs keçmək istəyən Fransa özü bu dəyərləri pozur: “Fransa bu gün Korsikada tamamilə insanlığa qarşı siyasət aparır. Orada insanlar öz dillərində danışmaq istəyirlər. Buna cavab olaraq Fransa silah gücünə o insanları öldürür, polis vasitəsilə ağlasığmaz işgəncələr verir. Onlar öz siyasi opponentlərini məhbəslərdə öldürtdürürlər. Fransanın Azərbaycanda separatçı qüvvələri dəstəkləmək haqqı yoxdur".
"Biz görürdük ki, ikili standartlarla, subyektiv yanaşmalarla Azərbaycana qarşı hansı iddialar irəli sürülürdü. Bu gün isə öz ərazi bütövlüyünü bərpa etmiş, güclü, dünyaya lazım olan Azərbaycan var. Fransa bilməlidir ki, bu qeyri-qanuni addımlara öz səsimizi qaldıracağıq”, - deyə komitə sədri diqqətə çatdırıb.
Deputat Musa Qasımlı da deyib ki, Fransanın demokratiya haqqında danışmağa haqqı yoxdur. O bildirib ki, Fransanın tarixi müstəmləkəçiliyi göz yaşlarının axıdılması, insanların qətlə yetirilməsidir.
“Korsikada insanlar dil, mədəniyyət istəyirlər, Fransa hakimiyyəti isə onların bu istəyinə top-tüfənglə cavab verir. Fransanın bütün hərəkətləri qınanmalıdır. Heç kimin Azərbaycanla zorla danışmağa haqqı yoxdur”, - deyə deputat bildirib.
Deputat Azay Quliyev isə qeyd edib ki, Fransa bu gün Korsikada əvvəlki illərdə törətdiyi bəşəri cinayətləri təkrarlamaqda davam edir.
"Qanundan, insan hüquqlarından danışan bir ölkənin bu cür hərəkətləri yolverilməzdir və cinayətdir. Fransanın işğalçı Ermənistana dəstək verməsi məhz bu siyasətindən irəli gəlir", - A.Quliyev əlavə edib.