MƏDƏNİYYƏT

Kinematoqrafçılar İttifaqının sədri kim oldu?

İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət Katiblik seçilib. Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Bu barədə ARKİ-dən bildirilib. Qeyd olunub ki, İttifaqın Nizamnaməsinə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib. Yığıncaqda İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.
Ötən müddətdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub, perspektiv plan müəyyənləşdirilib. Belə ki, 2023 – cü ildə ilboyu ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin, Azərbaycan Kinosunun 125, C.Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının 100 illik, görkəmli kinorejissor Rasim Ocaqovun 90 illik yubileylərinin keçirilməsi, eləcə də tanınmış kino xadimləri ilə bağlı və digər önəmli tədbirlərin reallaşdırılması qərara alınıb.
Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin Sədri seçilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub.
Sonra İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət Katiblik seçilib. Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilməsi ilə bağlı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıdakı dövrdə də ona bəslənilən ümidləri var qüvvəsi ilə doğruldacağını əmin edib.
Şəfiqə Məmmədova kimdir?
Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb. Azərbaycan Milli Dram Teatrının səhnəsində onlarla obraz canlandıran Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə də çəkilib.
O, Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub (1995–2000). 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.