CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali və orta məktəblərin bufetlərində nöqsanlar tapıldı

Mütəxəssislər tərəfindən təhsil müəssisələrində yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə fəaliyyət göstərən ali təhsil və ümumtəhsil müəssisələrində yoxlamalar həyata keçirir.
AQTA-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, cari ilin noyabr ayının 14-dən başlayan yoxlamalar çərçivəsində ali təhsil və ümumtəhsil müəssisələrində qidalanmanın qanunvericilikdə nəzərdə tutulan normalara uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, onların saxlanması, daşınması, realizə olunması, markalanma və qablaşdırılmasına dair tələblərə əməl edilməsi yoxlanılır. Bununla yanaşı, mütəxəssislər tərəfindən təhsil müəssisələrində yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.
Qeyd edək ki, yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı 23 ali təhsil müəssisəsi və 38 ümumtəhsil müəssisəsinin qida bloklarında nöqsanlar aşkar edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb, həyata keçirilən yoxlamaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, hazırda məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması 1994-cü ilin normativi ilə tənzimlənir. Bir müddət öncə Qida Təhlükəsizliyi Agentliyi bağçalarda aparılan monitorinqlərə dair hesabatını açıqlamışdı. Ümumilikdə 12 bağçada aparılan yoxlamalar nəticəsində 94 nöqsan aşkarlanaraq 10 bağça ilə bağlı inzibati tədbir görülmüşdü.