CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol qəzalarında niyə bu qədər adam ölür? Yaşamaq üçün üç qızıl qaydaya əməl etməli

Dünyada hər il yol qəzalarında təxminən 1.3 milyon insan ölür, 50 milyonadək insan isə şikəst olur.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Yüksək sürət təkcə bir və ya bir neçə şəxsin həyatının sonunu gətirmir. O həm də ailələrin faciəsinə səbəb olur. 2009-cu ilin 15 dekabrında yüksək sürət həddi ailəmizdə dəhşətli faciəyə səbəb oldu. 13 il ötməsinə baxmayaraq, ailəmiz hələ də sarsıntı içindədir. Həmin sağalmaz yaranı unutmaq mümkün deyil.
Bu sətirlərin müəllifi Aqil Lətifovdur. 2009-cu ildə toydan sonra onun ailəsinə fəlakət üz verib. Aqil Lətifovun 21 yaşlı bacısı Günel Qasımlı, bacısıgilə qonaq gedərkən, Masallı-Yardımlı yolunda baş verən dəhşətli qəzada həlak olub. Hadisə baş verərkən, Günel Qasımlı ana olmağa hazırlaşırdı. Bu qəza təkcə dünyaya gəlməyən bir körpənin faciəsi deyil, bir evə düşən sönməz alov idi. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsünü yolda yuxu tutur və onlar uçuruma yuvarlanırlar.
"Anam və digər ailə üzvlərim də həmin avtomobildə idi. Hadisənin təsirindən anam bu günədək özünə gələ bilmir, dava-dərmanla yaşayır, psixoloji olaraq da çox gərgin vəziyyətdədir. Anamın ürəyində problemlər də yaranıb, atam da eyni vəziyyətdədir", - Lətifov deyir.
Günel Qasımlı
Artıq heç nəyi geri qaytarmağın mümkün olmadığını düşünən ailə övladlarının ölümünə səbəb olan sürücüdən şikayət etməyib:
"Başqa bir ailəyə problem yaratmaqdan başqa heç nəyə yaramırdı şikayət. Sürücü yaşlı kişi idi və o hadisədən bir neçə il sonra vəfat etdi".
Həmsöhbətimiz hesab edir ki, qəza və ölümlərdən qorunmaq üçün öncə sürət həddinə diqqət yetirmək lazımdır:
"Onsuz da yüksək sürətlə getdikdə mənzil başına o qədər də tez çatmaq mümkün deyil. Hər bir sürücü diqqətli olmalıdır, özündən, ailəsindən öncə sərnişini və onun ailəsini düşünməlidir. Çünki hər kəsin bir yol gözləyəni var. Baş verən dəhşətli qəzada bir anda neçə ailəyə od düşür. Dincəlib, kifayət qədər yatıb sonra yola çıxmaq lazımdır. Yol-hərəkət iştirakçısı hər an ayıq-sayıq olmalı, yuxulu vəziyyətdə maşını idarə etməməlidir. Diqqətsizlik, məsuliyyətsizlik, səriştəsizlik yollarda qəzalara səbəb olur".
Günel Qasımlı
Lətifov deyir ki, mikroavtobus və taksi sürücüləri demək olar, bütün günü sükan arxasında olurlar. Amma pul hər şey deyil. İnsan öz sağlamlığını, başqasının həyatını da düşünməlidir.
Avtomobillər bu ailənin qəniminə çevrilib
Dəhşətli faciənin qurbanı olan ailələrdən biri də Məcnunovlar ailəsidir.
Fotoqraf Səfiyar Məcnunun ailə üzvləri də dəhşətli hadisənin qurbanı olublar. İki ayrı hadisə nəticəsində anasını itirib, bacısı isə əlil arabasına möhtac olub. 2015-ci ilin sentyabrında bacısı Zemfira Məcnunova dayısının idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində I qrup əlilə çevrilib. Bu hadisədən 5 il sonra isə anası Esmira Məcnunova avtomobil vurması nəticəsində dünyasını dəyişib.
Elmira Məcnunova və Zemfira Məcnunova
Birinci hadisədə, bacısının fəqərələri qırılıb. Ailəsi onun sağalması ümidi ilə hər şeyini, evini belə satıb. Amma ümidlər boşa çıxıb. Bu bədbəxt hadisə gənc qızın bütün arzularını, xəyallarını alt-üst edib:
"Bu hadisədən sonra ailəmizin bütün düzəni pozuldu, bacımın həyatı tamamilə alt-üst oldu. İndi artıq həyatı ilə barışıb, heç nə demir. Bacımın faciəsindən sonra heç özümüzə gəlməmişdik ki, anam evimizin yanında avtomobilin vurması nəticəsində dünyasını dəyişdi. Bu hadisələrdən sonra bütünlükdə həyat eşqimiz söndü. Belə faciəvi hadisələrdən sonra yaşamağın da bir mənası qalmır".
Elmira Məcnunova və Zemfira Məcnunova
Hər iki hadisənin baş verməsinə səbəb sürət həddinin aşılması olub. Lakin nə dayısı, nə də anasının ölümünə səbəb olan sürücü cəzalandırılıb. Buna da səbəb ailənin humanist mövqe sərgilməsi olub.
Zemfira Məcnunova
Rüşvət və cərimələrin azlığı qəzaları doğuran faktorlardır
"Bu qədər qəza və ölümlərin baş verməsinin yeganə səbəbi sürücülük mədəniyyətinin kasadlığıdır. Biz bir-birimizi sevmirik. Qonşu qonşunu, sərnişin sərnişini sevmədiyi kimi sürücülər də digər yol-nəqliyyat hərəkəti iştirakçılarını sevmirlər. Hətta bir-birlərinə nifrət edir, bəsit şeylərə görə əsəbləşir, söyürlər. Belə əsəb və hikkə heç bir halda sükanı təmkinlə idarə etməyə imkan verə bilməz. Öncə mədəni vətəndaş olmalıyıq" - deyən Səfiyar Məcnun hesab edir ki, qəzaların törəmə səbəbləri arasında rüşvət amilinin də rolu var:
"Sürücülük vəsiqəsini pulla alanlar da var. Cərimələrin miqdarının az olması da rəqəmlərə təsir edir. İndiki halda cərimələri ödəmək hər kəs üçün əlçatandır. Düşünürəm ki, sürət həddini aşmağa görə cərimələr minimum əmək haqqının 50 faizi qədərində, 10 manat deyil 100 manat olmalıdır. Belə olan halda hər kəs sürət həddini qorumağa çalışacaq".
Zemfira Məcnunova
Rəqəmlər nə deyir?
Cari ilin 11 ayında ümumlikdə respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1553 yol-nəqliyyat hadisəsi baş verib. Qeyd olunan dövrdə respublika ərazisində sırf sürət həddinin aşılması nəticəsində 624 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 374 nəfər həlak olub, 449 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Naziriyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 5-29 yaşlılar arasında ölümə səbəb olan amillər sırasında yol qəzaları ön sıralarda qərarlaşıb. Yol-nəqliyyat hadisələrinin yarıdan çoxu "həssas yol istifadəçiləri" - piyadalar, velosipedçilər və motosiklet sürənlər arasında qeydə alınır. Dünya üzrə baş verən yol qəzalarının təxminən 93 faizi aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.
Anası Elmira Məcnunova
Hesabata görə hər il təxminən 1.3 milyon insanın həyatı baş verən qəzalarla əlaqədar qısalıb. 20-50 milyonadək insan isə şikəst olub. Yol qəzaları qurbanlarının təxminən 3/4-nün qurbanı kişilərdir. Böyük əksrəiyyətinin yaşı 25-dən azdır.
Zemfira Məcnunova
Ölümlərə səbəb olan amillər sırasında alkaqol, narkotikdən istifadə, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, uşaqlar üçün xüsusi oturacaqların olmaması göstərilir. Qeyd olunur ki, uşaqlar üçün xüsusi oturacaqların olması onlar arasında ölüm riskini 60 faizədək azalda bilər.
Bundan başqa, sükan arxasında olarkən mobil telefon istifadə edən sürücülərin qəza törətmək riski mobil telefon istifadə etməyənlərlə müqayisədə 4 qat artıqdır. Hesabatda qeyd olunur ki, xüsusən də sükan arxasında olarkən yazışma qəza riskini artırır.
Dünya necə mübarizə aparır?
İsveçdə qəzaların sayını azaltmaq üçün əks yollar ara kəsmə ilə bir-birindən ayrılıb.
Danimarka yolda təhlükəsizliyi qorumaq və ölümləri azaltmaq üçün xüsusi bir strategiya hazırlayıb. Bu strategiyanın adı "Hər qəza birdən daha artığıdır" adlanır. Strategiyada qeyd olunur ki, qəza və ölümlərin sayının azalması "sən"dən asılıdır. Bunun üçün üç qızıl qaydaya əməl etmək tövsiyə olunur: sürət həddini aşmamaq, təhlükəsizlik kəmərini taxmaq, içkili halda sükanı idarə etməmək.
Zemfira Məcnunova
Xatırladaq ki, dekabrın 15-də Siyəzən rayonunda 6 nəfərin öldüyü yol qəzası baş verib. Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi "Mercedes-Benz Viano" markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi "DAF" markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.