BAKI, 19 dekabr — Sputnik. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 2 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, quldurluq cinayətləri törədən və üzərində odlu silah gəzdirən ümumilikdə 189 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin şəxslərdən 149-u narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 75-i barəsində məhkəmə tərəfindən həbs, 74-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları oğurlayan, habelə yanacaqdoldurma məntəqəsində quldurluq əməli törədən, üzərində qanunsuz olaraq odlu silah saxlayan 8 nəfərdən ibarət 4 dəstə, ümumilikdə isə 40 nəfər saxlanılıb.
Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 43 obyekti qarət etdikləri müəyyən edilib.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.