İQTİSADİYYAT

Səudiyyə Ərəbistanın investisiya naziri Azərbaycan vətəndaşlarını ölkəsinə dəvət edib

Nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasında böyük potensial var.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Azərbaycan ilə Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 68 faizdən çox artıb.
Bu barədə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih dekabrın 19-da Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda deyib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasında böyük potensial var. Azərbaycanda bərpaolunan enerji və kənd təsərrüfatı sahələrində layihələrə sərmayə yatırmaq niyyətindəyik.
Nazir qeyd edib ki, bugünkü komissiyanın iclası iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradır.
Müştərək Komissiyanın həmsədri vurğulayıb ki, Azərbaycana Səudiyyə Ərəbistanından gələn turistlərin sayı artıb:
"Biz də öz növbəmizdə Azərbaycan vətəndaşlarını ölkəmizə dəvət edirik".
Xatırladaq ki, dünən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması qeyd edilib, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi vurğulanıb.
Dünən həmçinin Səudiyyə Ərəbistanının investisiya naziri Zəngilanda səfərdə olub.