BAKI, 19 dekabr — Sputnik. Yunanıstanın S-300-ləri Ukraynaya ötürmək planları təxribat xarakterlidir, Kiyevə göndərilən bütün hərbi texnika Rusiya Silahlı Qüvvələri tərəfindən məhv ediləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Yunanıstan rəhbərliyi son vaxtlar Krit adasında yerləşən S-300PMU-1 zenit-raket komplekslərini ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemlərini almaq şərti ilə Ukraynaya təhvil verməyə hazır olduğunu daha çox bəyan edir.
"Biz Kiyev rejimini S-300 və digər Rusiya/Sovet hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək üçün təxribat xarakterli planları açıq şəkildə Rusiyaya düşmən addımı hesab edirik. Kiyevə göndərilən bütün hərbi texnikanın Rusiya Silahlı Qüvvələri tərəfindən vaxtında izləniləcəyinə və məhv ediləcəyinə heç kimin şübhəsi olmasın. Çox gec olmadan təhlükəli planlardan imtina edə bilərsiniz. Biz bir daha Yunanıstan rəhbərliyinə məsuliyyətli olmaqla bağlı xəbərdarlıq edirik", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.