DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quterreş neonasizm və irqi nifrətin digər formaları ilə mübarizə aparmağa çağırıb

Bir müddət əvvəl BMT Baş Assambleyası nasizmin tərənnümü ilə mübarizə ilə bağlı Rusiyanın təklif etdiyi qətnaməni qəbul edib. Sənədin lehinə 120 ölkə, əleyhinə 50 ölkə səs verib.
Sputnik
BAKI, 19 dekabr - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş neonasizm və bütün dünyada təzahürlərinin sayı getdikcə artan irqi nifrətin digər formaları ilə mübarizə aparmağa çağırıb. RİA Novosti xəbər verir ki, bu barədə qurum rəhbəri mətbuat konfransında çıxış edib.
“Biz artıq gördük ki, bu gün Qərb ölkələrində ən böyük terror təhlükəsi ifrat sağçılardan, neonasizmdən və ağ irqin üstün olmasının tərəfdarlarından gəlir. Düşünürəm ki, Qərb cəmiyyətlərində və dünyanın digər yerlərində təzahürləri artmaqda olan neonasizmin və ağların üstünlüyünün istənilən formasını, antisemitizmin istənilən formasını, müsəlman nifrətini pisləməkdə son dərəcə aydın və sərt olmalıyıq”, - deyə Quterreş mətbuat konfransında bildirib.
“Bu, açıq-aydın təhlükədir və biz bu təhlükə ilə böyük güclə mübarizə aparmalıyıq”, - deyə o əlavə edib.
Baş katib Almaniyadakı son çevriliş cəhdini “dünyanın demokratik cəmiyyətləri üçün bu təhlükənin nümunələrindən yalnız biri” adlandırıb.
Xatırladaq ki, bir müddət əvvəl BMT Baş Assambleyası nasizmin tərənnümü ilə mübarizə ilə bağlı Rusiyanın qətnaməsini qəbul edib.
Qətnamənin lehinə 120 ölkə, əleyhinə 50 ölkə səs verib. Qətnaməyə, xüsusən də Avstriya, İtaliya, Almaniya, İngiltərə, Fransa, Polşa, ABŞ və Ukrayna etiraz ediblər.
On ölkə, o cümlədən Türkiyə bitərəf qalıb. İsrail qətnamənin lehinə çıxış edib.