TƏHSİL

Müəllimi incidən şagird necə cəzalandırılmalı? - VİDEO

Ekspert deyir ki, müəllim dərsi pozan, sinifdə tərbiyəsiz hərəkətlər edən, tənbeh olunsa belə bundan nəticə çıxartmayan şagirdə uzun müddət davam gətirə bilməz.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Bakıda müəllimin sinifdə şagirdi döyməsi geniş müzakirələrə səbəb olub. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Kadrlardan görünür ki, müəllim öncə şagirdi danlayır, daha sonra isə sifətinə şillə vurur. Bununla da kifayətlənmir və uşağın qulaqlarından dartır. Onun bu hərəkətinə isə digər şagirdlər gülərək reaksiya verirlər. Bu görüntülər paytaxtın Suraxanı rayonunda yerləşən 146 nömrəli məktəbdə, 8-ci sinfin ingilis dili dərsində lentə alınıb. Elə lentə alan da həmin sinifdə oxuyan şagirdlərdən biridir. Dərsdə iştirak edən şagirdlər bildiriblər ki, hadisənin görünməyən tərəfləri var. Onların sözlərinə görə, döyülən şagird dəfələrlə müəllimin dediklərinə əməl etməyib və onu hövsələdən çıxarıb.
Amma bu görünütlər sosial platformada birmənalı qarşılanmayıb. Kimisi müəllimi bu həddə çatdırdığına görə şagirdi günahkar bilir, kimisi də şagirdə fiziki güc tətbiq edən müəllimi qınayır.
Şagirdə necə cəza verilməlidir
Bəs görəsən məktəbdə tərbiyəsiz davranan şagirdə hansı cəza verilməlidir ki, bu müəllimin işdən çıxması ilə nəticələnməsin?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, davranış pozğunluğu olan şagirdlər vaxtında nəzarətə götürülməlidir:
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi belə şagirdlərin nəzarətə götürüləcəyini bəyan etmişdi. Amma məktəblərdə baş verən hadisələr göstərir ki, davranış pozğunluğu olan şagirdlərlə psixoloji iş aparılmır. Hadisə baş verən məktəbin rəhbərliyi şagirdin uzun müddət davranış pozğunluğu olduğunu, psixoloqun nəzarətində olduğunu bildirdi. Bu zaman sual yaranır ki, bəs niyə bu şagird eyni əməlləri törətməkdə davam edir? Belə çıxır ki, şagird formal olaraq psixoloq nəzarətində olub. Şagird dərsi pozduğu üçün onunla psixoloji iş aparmayıb. Nəzərə alsaq ki, hər il Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına şagirdlərə psixoloji yardımla bağlı layihələrə küllü məbləğdə qrant ayrılır, bu zaman əks vəziyyət müşahidə olunmalıydı. Amma belə məlum olur ki, bu qrant ayrılsa da fayda vermir. Ona görə də ayrılan qrantların səmərəliliyi araşdırılmalıdır. Nazirlik öz dost-tanışına qrant paylamaqdan çəkinməlidir".
K. Əsədovun sözlərinə görə, şagird dərsdə tərbiyəsizlik etdikdə buna cəza metodu müəyyənləşməlidir. Bu fiziki cəza olmamalıdır: "Biz bir şagirdin tərbiyəsizliyi üzündən 30 il təcrübəsi olan bir müəllimi itirdik. Amma əvəzində şagirdə qarşı heç bir addım atılmadı. Şagird sinifdə oxumaqda davam edir. Bu belə olmamalıdır. Ən azı şagirdlərin sinifdə saxlanmılması cəzası tətbiq edilməlidir. Mütləq şəkildə dərs prosesində özünü apara bilməyən şagirdlərin cəza metodları müəyyən edilməlidir. Çünki, müəllim də insandır, onun da səbrinin sərhədi var. Müəllim dərsi pozan, sinifdə tərbiyəsiz hərəkətlər edən, tənbeh olunsa belə bundan nəticə çıxartmayan şagirdə uzun müddət davam gətirə bilməz. Şagirdi döymək, fiziki şiddət yolverilməzdir. Amma cəzasızlıq mühiti də bu cür halların artmasına səbəb olur".
Məktəb rəhbərliyinin məsələyə baxışı
Məktəbin direktor əvəzi Tacəddin Allahyarlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu şagirdin ilk və son qeyri-etik davaranışı deyil. Hətta uşağın belə hərəkətlərinə görə dəfələrlə ailəsinə məlumat verilib və o, xüsusi nəzarətə götürülüb. Amma şagird bu cür davranışdan çəkinmir.
Hadisədə adı hallanan və 30 illik müəllim stajı olan Kazım Canıyev də açıqlama verib. Üç ildir həmin sinfə ingilis dili fənnini tədris edən müəllim bildirib ki, adıçəkilən şagird dəfələrlə bu və bundan betər hərəkətlərə yol verib.Müəllimin sözlərinə görə, uşağın tərbiyəsindəki nöqsanlarla bağlı indiyədək valideynlərinə məlumat verilib, amma onlar məktəbə gəlməyiblər. Hazırda Kazım Canıyevi məyus edən məqam saçlarını ağartdığı məktəbdən uzaq qalacağıdır.
Nazirliyin isə öz fikri var
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, şagird dərs mühitini pozduqda, sinifdə tərbiyəsiz hərəkətlər etdikdə öncə məktb psixoloqu tərəfindən şagirdlə söhbət aparılmalıdır. Bu nəticə vermirsə onun valideyni məktəbə dəvət edilməlidir. Bu addımlardan sonra şagirdin davranışında müsbət dəyişiklik olmadıqda ərazi üzrə polis bölməsinin uşaq inspektoruna müraciət edilməlidir. Bundan sonra atılacaq addım Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaya müraciət etməkdir. Həmin komissiya öz səlahiyyətləri çərçivəsində valideynlə, ailə ilə görüşərək danışıqlar aparır, əgər aparılan işlər səmərə vermirsə şagird çətin tərbiyyə olunan uşaq müəssisəsinə yerləşdirilir. 146 saylı məktəbdə şagirdlə psixoloji iş aparılıb, valideyninə məlumat verilərək məktəbə dəvət olunub. Amma digər addımlar atılmayıb.
Şagirdin sinifdə saxlanılması isə yalnız qiymətləndirmədə zəif nəticə göstərdikdə tətbiq edilir. Davranışa görə şagird sinifdə saxlanılmır.