BAKI, 19 dekabr — Sputnik. Fransa polisi dünya çempionatının finalında Fransanın Argentinaya uduzduqdan sonra iğtişaşlar zamanı 47-si Parisdə olmaqla 227 nəfəri saxlayıb.
Bunu "Figaro" qəzeti bazar ertəsi ölkənin daxili işlər nazirliyinə istinadən xəbər verir.
"Argentina yığmasının Fransanı məğlub etdiyi dünya çempionatının finalından sonra baş verən qarşıdurmalar zamanı 227 nəfər, o cümlədən 47-si Parisdə, digərləri isə ətraf rayonlarda saxlanılıb", - deyə nəşr yazır.
Qətərdə keçirilən çempionatın final oyunundan sonra Fransada 2750-si Parisdə olmaqla 14 min polis küçələrdə təhlükəsizliyi təmin edib.
"RİA Novosti"nin müxbirinin verdiyi məlumata görə, hələ həlledici qarşılaşma başlamamış polis və azarkeşlər Parisdəki Yelisey meydanına toplaşmağa başlayıblar. Onların üzərinə gedən yol və Zəfər tağı yaxınlığında nəqliyyatın hərəkəti tamamilə bağlanıb.
Fransa millisinin məğlubiyyətindən sonra aqressiv azarkeşlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına fayerlər buraxıblar. Polis Yelisey meydanında azarkeşləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Lion, Bordo və Nitsada da həbslər baş verib.
Dünən Qətərdə keçirilən futbol üzrə dünya çempionatı başa çatıb. Argentina millisi tarixində üçüncü dəfə dünya çempionu olub. Turnirin finalında argentinalılar fransızlara qalib gəliblər (3:3; penaltilərdə 4:2).
Argentina daha əvvəl - 1978 və 1986-cı illərdə dünya çempionatının qalibi olub. Fransızlar bundan əvvəlki - 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının kubokunu qazanaraq, dünya çempionu olmuşdular.