BAKI, 19 dekabr — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etmək məqsədilə Paris şəhərinə səfər edib.
Dövlət Xidmətindən verilən xəbərə görə, komitənin budəfəki sessiyasının gündəliyində Katibliyin fəaliyyəti haqqında hesabatın qəbul edilməsi, 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinə düzəlişlərin qəbul edilməsi, Ukraynadakı mədəni sərvətlərin qorunması və digər məsələlər öz əksini tapıb.
Müzakirələr zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək, hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Hökuməti tərəfindən işğalçı dövlətin dağıtdığı tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərin aparıldığını və bərpası üzrə tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həyata keçirilən monitorinq prosesində əsas maneənin işğaldan azad olunmuş ərazilərin Ermənistan Respublikası tərəfindən minalanması ilə bağlı olduğunu vurğulayıb.
Eyni zamanda, Dövlət Xidmətinin rəsmisi postmünaqişə dövründə tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfinin gördüyü tədbirləri və təcrübəni digər dövlətlərlə də paylaşmağa hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması mövzusuna xüsusi həssaslıqla yanaşır. Bu məqsədlə Komitənin monitorinq və nəzarət mexanizmlərinin yenilənməsi istiqamətində ölkəmizin aktiv iştirakı, eləcə də cari il dekabr ayının 6-9 tarixlərində Bakıda mədəni sərvətlərin qorunması sahəsində UNESCO konvensiyalarının icrasının vacibliyi mövzusunda beynəlxalq konfransın təşkil edilməsi Azərbaycanın bu mövzuya verdiyi önəmin təzahürünün bir nümunəsidir.
Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edib.
Sessiyanın sonunda gündəliyin bəndləri üzrə qəbul edilmiş qərarlar əsasında yekun vurulub, gələn il ərzində keçiriləcək növbəti sessiya və məsləhətləşmələr barədə məlumat verilib.