BAKI, 18 dekabr - Sputnik. "İşğaldan azad edilmiş ərazilərə dəymiş maddi ziyanın həcmi hələ tam hesablanmayıb, lakin siz Zəngilanda olarkən nəzər salsanız, dağıntıların miqyasını görə biləcəksiniz".
"APA-Economics" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyətinin Zəngilan rayonuna səfəri zamanı maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana qarşı təcavüzə, yüz minlərlə mülki azərbaycanlının öz doğma yurd-yuvasından və torpaqlarından zorla köçürülməsinə, dağıdılmasına səbəb olan, Azərbaycanın şəhər və kəndlərini xarabalığa çevirmiş, məscidlərimizə və digər müqəddəs yerlərimizə qarşı vandalizm törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini Azərbaycan yüksək qiymətləndirir.
"Təyyarəniz Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı gördüyü işlər çərçivəsində işğaldan azad edilmiş Azərbaycan torpaqlarında inşa edilən Zəngilan Beynəlxalq Hava Limanına enib. Prezident İlham Əliyev işğal olunmuş ərazilər azad edildikdən dərhal sonra bütün dövlət orqanlarına tapşırıb ki, bu ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etmək məqsədilə yenidənqurma işlərinə başlansın. Prezidentin sərəncamı ilə “Böyük Qayıdış Proqramı”nın 1-ci mərhələsi qüvvəyə minib və 2021-ci ildən icrasına başlanılıb" - deyə nazir əlavə edib.
Qeyd edək ki, səfərdə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn əl-Faleh və onun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.