BAKI, 17 dekabr - Sputnik. İkinci ordu korpusunun keçmiş komandiri, Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arayik Arutyunyan həbs edilib.
Bu barədə Sputnik Ermənistan hüquq-mühafizə orqanlarındakı öz mənbələrindən öyrənib. Arutyunyan, dekabrın 15-də həbs edilib. Onun cinayət işi ilə bağlı dekabrın 14-də məlumat verilib, lakin prokurorluğun rəsmi məlumatında təqsirləndirilən şəxsin adı, eləcə də vəzifəsi göstərilməyib.
Daha sonra Prokurorluq bəyan edib ki, hərbi hissələrindən birinin komandirlərinin səhlənkarlığı ucbatından Ermənistan Silahlı Qüvvələri düşmənin hücumunu dayandırmaq imkanından məhrum edilib. 12 may 2021-ci il tarixdə isə hərbi hissələrdən birinin komandirləri barəsində cinayət işi açılıb.
İddia edilir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisi üzərində nəzarəti bərqərar etməklə, Qeqarkunik rayonuna Verin Şorja, Kut və Norabak kəndləri istiqamətində sərbəst şəkildə daxil olub. Arutyunyan isə xüsusilə aprelin 5-də döyüş növbətçiliyinin yerinə yetirilməsi ilə bağlı verdiyi əmrin yerinə yetirilmədiyini bilərək günahkarların cəzalandırılması və vəziyyəti düzəltmək üçün tədbir görməyib.
Göstərilən istiqamətlər onun tabeliyində olan 2-ci Korpusun məsuliyyət zonasında olduğuna görə Arutyunyana qarşı iş başlanıb. Daha sonra Arutyunyan Baş Qərargahın baş kəşfiyyat idarəsinin rəisi təyin edilib. O, bir neçə ay bu vəzifədə çalışıb.