RUSİYA

Azərbaycana ən çox turist Rusiyadan gəlib

Azərbaycana bu ilin 11 ayında 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sputnik
BAKI, 17 dekabr-Sputnik. 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 177 ölkəsindən 1 milyon 458,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsinin "Turizmin mövcud vəziyyəti haqqında" məlumatında bildirilib.
Gələnlərin 27,7 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,4 faizi Səudiyyə Ərəbistanı, 5,0 faizi Gürcüstan, 3,6 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla İsrail və Özbəkistan, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 33,8 dəfə, Küveytdən - 22,4 dəfə, Pakistandan - 20,5 dəfə, Səudiyyə Ərəbistanından - 17,2 dəfə, Hindistandan - 13,5 dəfə, Özbəkistandan - 6,7 dəfə, Qazaxıstandan - 4,9 dəfə, İsraildən - 3,9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 3,3 dəfə, ABŞ-dan - 3,0 dəfə, Almaniyadan - 2,6 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 40,5 faiz, Gürcüstandan - 29,5 faiz artıb.
2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə artaraq 330,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 68,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 515,6 min nəfər olub.
2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,6 dəfə artaraq 1 milyon 361,8 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 15,2 faiz artıb.
Ölkə vətəndaşlarının 45,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiya Federasiyasına, 12,8 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.