SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan 2037-ci ilədək ən azı altı qeqavatlıq əlavə güc yaratmağı planlaşdırır

Dövlət başçısı Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qeqavat təşkil etdiyini vurğulayıb.
Sputnik
BAKI, 17 dekabr-Sputnik. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 24 qiqavatdan çoxdur.
Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib.
Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qeqavat təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Biz ölkəmizin strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 qeqavat külək və 1 qeqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onun 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər biz ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq".
Təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qeqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırdığını qeyd edən dövlətimizin başçısı bildirib: "İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qeqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.
Dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
SİYASƏT
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan "yaşıl enerji" üzrə Saziş imzalayıb