İQTİSADİYYAT

AK Prezidentindən etiraf: "Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır"

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib ki, Buxarest razılaşması hər iki regionun təmiz enerjiyə çatmasına yardım edəcək.
Sputnik
BAKI, 17 dekabr-Sputnik. Bu razılaşma Avropa İttifaqını Cənubi Qafqaz regionundakı tərəfdaşlarımıza daha da yaxınlaşdıracaq və bizim hər iki regionumuza təmiz enerjiyə çatmaqda yardım edəcək.
Bunu dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclasda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib.
O, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.
Dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.