CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zahid Oruc "Tərtər işi"nə görə Hərbi Prokurorluğun ləğv edilməsini təklif edib

Milli Məclisdə deputatlar "Tərtər işi"ndən danışaraq işgəncə əmri verən və icraçıların adının açıqlanmasını istəyir. İclasda televiziyaların geniş şəkildə bəraət alan insanlarla bağlı verilişlər verməsi təklif olunub.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. "Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Yalnız cənab prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərərçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Deputatın sözlərinə görə, hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını "nağıl" adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır:

"Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir".

Komitə sədri qeyd edib ki, Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olunub:
"Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə "samosud" təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir".
O vurğulayıb ki, 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərənləri cəzalandıranlar, döyüş ruhuna zərbə vuranlar işğalçılarla, 2020-ci ildə dövlətimizi müharibədən çəkindirmək istəyənlərlə eyni cərgədədir:
"Zəfərimizdə müstəsna rolu olan 4 günlük müharibəyə qarşı təxribatın tələsinə düşənlər ordunu düşmənlə sövdələşməkdə suçlamaqla işğala dəstək veriblər. İndi görün, kimdir satqın?"
Z.Oruc əlavə edib ki, 11 nəfər həyatını itirsə də, əksəriyyəti əzablara dözərək o adı üzərinə götürməyib:

"İstintaqın əlinin çatmadığı yüz minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq, düşmənə əsir düşmədi. İstintaqsa onlardan satqın düzəltmək istəyirdi. Prezidentin tapşırığı ilə Baş Prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın. Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən Qələbəmizdən sonra görün, hansı təxribatları hazırlayır. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar? Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib "Tərtər işi"ni ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək, MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlatmaqda fayda var".

Z.Oruc bildirib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir:
"Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəyanət ssenarisi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək. Dövlətin gücü Ulu Öndərin "Qoy ədalət Zəfər çalsın" ideologiyasını əbədi və dönməz etməsidir".
Millət vəkili Qənirə Paşayeva da qeyd edib ki, bu hadisəni törədənlər üzr istəməlidir:
"Onlar Tərtər hadisələrindən sonra bəraət alanlardan, şəxsən bizdən də üzr istəməlidirlər. Çünki onların valideynləri gəlib bizə ağlayırdılar, həmin insanların uşaqları məktəbə getməyə utanırdı. Biz bunlarla bağlı müraciət edəndə millət vəkillərini ittiham edirdilər ki, casusları müdafiə edirik".
Millət vəkili Qənirə Paşayeva
Deputat bildirib ki, bu hadisəni törədənlər ortaya çıxmalıdır:
"Televiziya ekranlarında əvvəllər necə ittiham edirdilərsə, indi də çıxıb zəhmət çəkib üzr istəsinlər. İnsanlarımızın heç çoxunun xəbəri yoxdur ki, bəraət alanlar var. Onlara işgəncə verənləri cəmiyyət görməlidir. Müstəntiqlər təkrar bu sistemdə çalışacaqlarmı? Onda xalqın bu hüquq sisteminə inamı qala bilərmi? Prezident İlham Əliyevə təşəkkür edirik ki, bu məsələni nəzarətə aldı. O ailələr məhz Prezident bu məsələni nəzarətə götürdüyü üçün haqlarını bərpa edə bildilər. İşgəncə əmrini verənlər, işgəncələri verənlər xalqa göstərilməlidir. Azərbaycan cəmiyyəti o müstəntiqləri görməlidir. Televiziyalarımız geniş şəkildə bəraət alan insanlarla bağlı verilişlər versin ki, onların uşaqları artıq məktəblərə utanmadan getsinlər. Bir daha ədalətin bərpası üçün çalışanlara təşəkkür edirəm".
Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.
Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilmiş və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.
Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Onu da bildirək ki, bundan öncə "Tərtər işi" ilə bağlı barəsindəki həbs-qətimkan tədbiri ləğv olunaraq azadlığa buraxılan 19 nəfərin adları məlum olub.
Həmin şəxslərin siyahısı belədir:
1. Baş leytenant Zeydullayev Sultan Ramazanoviç, Bakı şəhəri
2. Baş leytenant Əhmədov Faiq Əlibəy oğlu, Salyan şəhəri
3. Leytenant Əliyev Nasif Mehman oğlu, Bakı şəhəri
4. Leytenant Orucov Rauf Rəşid oğlu, Sumqayıt şəhəri
5. Leytenant Rəhimov Atabəy Müqabil oğlu, Lerik rayonu, Orand k.
6. Gizir Adilzadə Emin Qadir oğlu, Beyləqan rayonu, Milabad qəs.
7. Gizir Qasımov Məcid Kamal oğlu, Qazax rayonu, Canallı k.
8. MAXE Mehtiyev Mirpaşa Zahid oğlu, Ağcabədi rayonu Sarıcalı k.
9. MAXE Əhmədli Müşviq Seymur oğlu, Bərdə şəhəri
10. MAXE Quliyev Əlizamin Ələmdar oğlu, Tərtər rayonu Qapanlı k.
11. Əsgər İbrahimli Turan Marif oğlu, İsmayıllı rayonu Eyyubbəyli k.
12. Gizir Rzayev Nicat Qabil oğlu, Qazax rayonu Ürkməzli k.
13. Gizir Babayev Orxan Nəriman oğlu, Biləsuvar ray. Aşağı Cürəli k.
14. MAXE Quluzadə Altay Natiq oğlu, Tərtər rayonu Ağkənd k.
15. MAXE Abdullayev Zaur Akif oğlu, Gəncə şəhəri
16. MAXE Xəlilov Vəli Sovxoz oğlu, Mingəçevir şəhəri
17. MAXE Aibov Emin Hörmət oğlu, Bakı şəhəri
18. Əsgər Tarverdizadə Yalçın Əmir oğlu, Lənkəran rayonu Balaşürük k.
19. Əsgər Əliyev Emil Abdulnasir oğlu, Xaçmaz rayonu Bostançı k.