BAKI, 16 dekabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
Nazirliyin yaydığı məlumata görə, nazir Kubanıçbek Ömüralıyevi TDT-nin Baş katibi təyin olunması münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
M.Cabbarov qeyd edib ki, TDT-nin səmərəli fəaliyyəti türk dövlətlərinin iqtisadi potensialından səmərəli istifadə edilməsi və birgə layihələrin həyata keçirilməsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təşkilata üzv dövlətlərin irəli sürdüyü təşəbbüslər ticarət, enerji, investisiya, rəqəmsallaşma və s. sahələrdə müasir çağırışlara cavab verilməsinə yönəlib ki, bu da ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
Bu kontekstdə, Türk İnvestisiya Fondunun və Türk Ticarət evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, sərmayələrin artırılması tərəfdaşlığın genişləndirilməsində əsas istiqamətlərdəndir.
K.Ömüralıyev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb. O bildirib ki, üzv ölkələr arasında elektron ticarətin geniş tətbiqi, dəyər zəncirlərinin möhkəmlənməsi və rəqabətqabiliyyətlilik prinsiplərinə əsaslanan birgə layihələrin icrasına diqqət artırılmalıdır.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.