SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya və İran razılaşdı: üç türk dövləti yeni layihəyə başlayır

Politoloqun fikrincə, Türkmənistanda keçirilmiş Zirvə görüşündə məqsəd türkmən qazının Xəzərin dibi ilə Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılması ilə bağlı məsələləri müzakirə etmək idi.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Dekabrın 13-14-də Türkmənbaşı şəhərində yerləşən "Avaza" milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçirildi. Sammitin sonunda Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edildi.
Sputnik Azərbaycan Birinci Zirvə Görüşünün əhəmiyyəti və burada qəbul olunmuş qərarla bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, müasir dövrün çağırışlarına uyğun türk dövlətləri arasında münasibətlərin qurulması 21-ci əsrin türk dövrü olması üçün ciddi əhəmiyyət kəsb edir: "Müasir dünyamızda qlobal səciyyə kəsb edən problemlər getdikcə artmaqdadır. Xüsusən dünyada baş verən münaqişələr fonunda müxtəlif yerlərdə enerji böhranı yaşanır. Son olaraq Ukrayna-Rusiya münaqişəsi bu gün Avropanın enerji təhlükəsizliyini təhdid altına alıb. Avropa Rusiyadan olan enerji asılılığından qurtulmağa çalışır. Hətta ABŞ-ın bu problemin həlli üçün göstərdiyi səylər özünü yetərincə doğrultmur".
Elşən Manafovun fikrincə, Türkmənistanda keçirilmiş Zirvə görüşündə məqsəd türkmən qazının Xəzərin dibi ilə Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılması ilə bağlı məsələləri müzakirə etmək idi: "Aparılan müzakirələr və qəbul edilmiş sənədlər də göstərir ki, artıq layihənin reallaşdırılması üçün əlverişli şərait yaranıb. İndiyə qədər Xəzərin statusu ilə bağlı məsələ problemli məqam idi. Bir neçə il əvvəl Xəzəryanı dövlətlərin Xəzərin hüquqi statusu ilə bağlı əldə etdikləri razılıqlardan sonra Xəzərin dibi ilə geosiyasi səciyyə daşıyan layihələrin reallaşması üçün də imkan yaranıb. Əvvəllər Rusiya və İran belə layihələrin icra olunmasının Xəzər üçün ciddi ekoloji problemlər yaradacığını bildirirdilər. Düşünürəm ki, müvafiq layihənin icrası üçün Rusiya və İranın da razılıqları da əldə olunub".
Politoloq hesab edir ki, əvvəlki problemlər aradan qalxmaqdadır: “Rusiyanın Türkmənistanla kifayət qədər yaxşı münasibətləri var. Bu baxımdan Ukraynada baş verənlər fonunda yaşananlara öz maraqları kontekstindən mövqe nümayiş etdirir. Buna görədir ki, Xəzərin dibi ilə boru kəmərinin inşasına mane olmaq fikrində deyil. O baxımdan, Türkmənistan tərəfinin Rusiya ilə razılıq əldə etdiyi qənaətindəyəm. Hesab edirəm ki, bu layihənin reallaşması türkdilli ölkələr arasında inteqrasiya əlaqələrinin güclənməsinə, iqtisadi-ticarət münasibətlərinin inkişafına yeni təkan vermiş olacaq. Türkmən qazının Avropaya çatdırılması Azərbaycan və Türkiyənin tranzit gəlirləri əldə etməsinə stimul verəcək. Bu əlaqələr Türk dövlətini təhdid edən müasir dövrün çağırışlarına münasibətdə ciddi alternativ bir mövqedir".