BAKI, 16 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da Minskə işgüzar səfər edəcək və Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, mövcud çağırışlara birgə cavabları müzakirə edəcəklər.
Putin və Lukaşenkonun ittifaq proqramlarının icrası, ticarət-iqtisadi əməkdaşlıq və idxalın əvəzlənməsi məsələlərini ətraflı müzakirə edəcəyi planlaşdırılır.
Enerji sektorunda qarşılıqlı əlaqə mühüm mövzu olaraq qalır.
Görüş Müstəqillik Sarayında keçiriləcək. İlk növbədə, prezidentlərin, hökumət üzvlərinin, nazirlərin iştirakı ilə geniş tərkibdə danışıqların aparılması planlaşdırılır.
Sonra iki ölkənin liderləri təkbətək formatda danışıqlar aparacaqlar. Bundan sonra onların açıqlamaları və jurnalistlərin suallarını cavablandırmaları gözlənilir.