BAKI, 16 dekabr — Sputnik. "Belarus heç vaxt Rusiyaya düşmən olmayacaq". Bunu Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Belarus-Rusiya əməkdaşlığına dair iclasda bildirib.
"Belarusun suverenliyi və müstəqilliyi sarsılmazdır. Eyni zamanda, Belarus heç vaxt Rusiyanın düşməni olmayacaq", - Prezident Lukaşenko deyib.
Dövlət başçısı qeyd edib ki, birlik proqramlarının heç biri Belarusun suverenliyinə və müstəqilliyinə qəsd etməyib.
"Bəli, biz suveren və müstəqil dövlət kimi Rusiyanın yanındayıq", - deyə Lukaşenko vurğulayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da Minskə işgüzar səfər edəcək və Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, mövcud çağırışlara birgə cavabları müzakirə edəcəklər.