BAKI, 16 dekabr — Sputnik. "Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb. Bakı Şəhər Halqasından (BȘH) verilən məlumata görə, ötən illərlə müqayisədə rekord rəqəmlər qeydə alınıb.
Yarış üçün erkən bilet satışına dekabrın 15-də start verilib. Bir sutka ərzində bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artaraq, son 6 mövsümün rekordu həddinə yüksəlib.
Bakıda 7-ci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırkı nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır.
İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faizlik erkən satış endirimindən yararlana biləcəklər. Ənənəvi "early bird" kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir.
Red Bull komandasının sürücüsü Maks Ferstappen - 2022 Formula 1 Azərbaycan Qran Prisinin qalibi
© NATALIA KOLESNIKOVA
Biletləri BȘH-nin rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya "28 Mall", "Gənclik Mall", Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıt yerli satış məntəqələrindən əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 2023-cü il 28-30 aprel tarixlərində təşkil olunacaq.
Xatırladaq ki, 2022 "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçirilib və Red Bull komandasının pilotu Maks Ferstappen qalib olub.