BAKI, 16 dekabr — Sputnik. Bu ilin 11 ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% artıb. Bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, cari ilin 11 ayında operativ məlumatlara əsasən, bu il ölkədə elektrik enerjisinin istehsalı 26 milyard 260,3 milyon kVt/saat, ixrac 2 milyard 546,8 milyon kVt/saat, idxal isə 126,3 milyon kVt/saat təşkil edib.
Nazir qeyd edib ki, yanvar-noyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 354,9 milyon kVt/saat artımla 1 milyard 855,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Əlavə olaraq qeyd edək ki, cari ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 807 mln. kVt·st artımla 21,5 mlrd. kVt·st, ixracı isə 775,5 mln. kVt·st artaraq 1,8 mlrd. kVt·st təşkil edib. Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib.