SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıda Qoşulmama Hərəkatının COVID-19 üzrə Təmas Qrupunun Zirvə Görüşü keçiriləcək

Nazir müavini QH üzv dövlətlərinin sözügedən tədbirdə ən yüksək səviyyədə iştirakının tədbirin uğuruna xüsusi töhfə verəcəyini vurğulayıb.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası keçiriləcək.
Bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda BMT-nin mənzil qərargahında Pakistanın sədrliyi ilə keçirilən "Qrup 77 və Çin" təşkilatının Nazirlər İclasında iştirak edərkən deyib.
Nazir müavini QH üzv dövlətlərinin sözügedən tədbirdə ən yüksək səviyyədə iştirakının tədbirin uğuruna xüsusi töhfə verəcəyini vurğulayıb.
Azərbaycanın Hərəkata üzv olması
Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunub.
Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib.
Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət edib.
Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab verib. Beləliklə, hazırda Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılıb.