BAKI, 16 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 18 318 642,45 min ABŞ dolları dəyərində 24 318 448,83 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,77% azalsa da, dəyəri 49,11% artıb.
Qeyd etmək lazımdır ki, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.
Xatırladaq ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 432 154,52 min ABŞ dolları dəyərində 654 645,68 ton neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 27%, həcmi isə 46,7 dəfəyə yaxın azalıb.
Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.