BAKI, 15 dekabr — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspertləri cinayət hüququ və kriminoloji vasitələrdən istifadə etməklə xarici KİV-də rusofobiya ilə mübarizə tədbirləri təklif ediblər. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti xəbər verib.
Təhlükəsizlik Şurası yanında Elmi Şuranın milli təhlükəsizliyə daxili təhdidlərin neytrallaşdırılması problemlərinə həsr olunmuş iclasında media məkanının xarici seqmentində anti-Rusiya təbliğatının gücləndirilməsi və rusofob əhval-ruhiyyənin güclənməsi probleminə diqqət çəkilib.
Təhlükəsizlik Şurasının aparatının bəyanatında deyilir: "Dost olmayan ölkələrdən informasiya hücumlarının dəf edilməsi üsullarının təkmilləşdirilməsi, o cümlədən cinayət hüququ və kriminoloji vasitələrdən istifadə edilməsi üçün tədbirlər təklif olunub".
Bundan əlavə, görüşdə Rusiya və onun vətəndaşları ilə bağlı ənənəvi media, sosial şəbəkələr və messencerlər vasitəsilə Qərb tərəfindən yayılan neqativ məlumatların xüsusiyyətləri də ətraflı müzakirə olunub.
Həmçinin, etibarlı mesajlar adı altında Rusiya dövlət orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti haqqında qəsdən yalan məlumatların yayılmasına görə məsuliyyətə cəlb edilməsi hüquq-mühafizə təcrübəsinin nəticələri təhlil edilir.