BAKI, 15 dekabr — Sputnik. Polşa Seyminin (parlamentin aşağı palatası) Rusiyanın "terrorçuluğu dəstəkləyən dövlət" adlandırdığı qətnaməsi anti-Rusiya isteriyasıdır. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
"Anti-Rusiya isteriyası davam edir. Biz buna belə yanaşırıq", - Peskov jurnalistlərə deyib.
Rusiya prezidentinin sözçüsü bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Qərbin Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı qərarına cavab tədbirləri haqqında fərmanı bu həftə dərc olunacaq.
"Bəli. Bununla bağlı sizə məlumat verəcəyik", - o, Rusiya neftinin qiymət həddinə reaksiya ilə bağlı sualı cavablandırarkən deyib.
Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini almağı dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ bu cür neftə 60 dollar/barel qiymət həddi qoyub. Rusiya baş nazirinin müavini Aleksandr Novak qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətlərinə məhdudiyyət qoyulmasını qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazara müdaxilədir, Rusiya yalnız bazar qaydalarına uyğun işləyəcək istehlakçılarla əməkdaşlığa hazırdır.
Kanadanın "Şimal axını" ilə bağlı sanksiyaları yeniləmək qərarı haqqında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, Kanadanın "Şimal axını" boru kəmərinə qarşı sanksiyaları bərpa etmək qərarı çətin ki, Rusiyaya təsir göstərsin, sanksiyalar avropalı istehlakçılara təsir edəcək.
"Əslində, bu sanksiyalar təkcə onların yönəldiyi şəxslərə deyil, həm də Avropa istehlakçılarına qarşı təsirini davam etdirəcək", – deyə Peskov bildirib.
O, həmçinin bildirib ki, Rusiya "Şimal axını"nda terror aktları ilə bağlı aparılan araşdırmanın nəticələri, eləcə də Qərbin həqiqəti tapmaqda israr edib-etməyəcəyi barədə heç nə bilmir.
"İstintaqın nəticələri ilə bağlı heç nə bilmirik. Bu təxribatın baş verdiyi zonada ölkələrin həqiqəti öyrənməkdə nə qədər israr edəcəklərini də bilmirik. Bu, hamı üçün maraqlı olacaq", – deyə Peskov qeyd edib.
Hücumlar sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Qazprom"a "Şimal axını"nda partlayış baş verən əraziyə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona təhqiqatlar haqqında məlumat verib. Putin həmçinin bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.