BAKI, 15 dekabr — Sputnik. "Müəllim vəzifəsini daşıyan adam öz fənnini bilməlidir. Əgər öz fənnini tədris edə bilmirsə, 9-cu sinifdə buraxılış imtahanında şagirdin niyə aşağı bal toplayıb sualını vermək absurd olar".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son 9 ildə müəllimlərin əməkhaqları ən çox artan əməkhaqlarındandır.
E.Əmrullayev bildirib ki, müəllimlərin sertifikasiyasının keçirilməsini təhsil sahəsindəki islahat keyfiyyətinin təminatı yox, əməkhaqqı islahatı kimi də qəbul etmək olar:
"Qəbul imtahanında şagirdlərin göstərdiyi nəticələr bizim arzuladığımız kimi olmaya bilir. Bunun da səbəbini axtarmaq lazımdır. Əgər indi bu məsələ öz həllini tapmasa, növbəti 30 ildə də eyni narazılıqlar olacaq".