İQTİSADİYYAT

Azərbaycanın tədiyə balansında yeddi milyarddan çox profisit yaranıb

2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. 2022-ci ilin 9 ayı üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 17 milyard 710.6 milyon dollar, tədiyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktivlərinin dəyişməsi) 7 milyard 606.4 milyon dollar təşkil edib.
Bu, Mərkəzi Bankın 2022-ci ilin 9 ayı üzrə tədiyə balansında bildirilir.
2021-ci ilin 9 ayı üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 3 milyard 939.1 milyon dollar, tədiyə balansının ümumi saldosu 2 milyard 437 milyon dollar təşkil edib.
Hesabatda deyilir ki, 2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib. Cari əməliyyatlar balansında 17.7 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 9.6 milyard dollar kəsir yaranıb, ehtiyat aktivləri 7.6 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 107 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 21.5% artaraq 2 milyard dollar səviyyəsində formalaşıb.
2022-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 17.7 milyard dollar və ya ÜDM-in 30.7%-ni təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.6 dəfə artaraq 21.4 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə əməliyyatlar balansının profisit kəsiri isə 12.1% azalaraq 3.7 milyard dollar məbləğində olub.
Qeyd edək ki, cari əməliyyatlar balansına ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir.
Ehtiyat aktivləri (tədiyə balansının ümumi saldosu) - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb-azalmasını ifadə edir.