SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə QHT-ləri ekoloji terrora etiraz edən azərbaycanlı həmkarlarına dəstək veriblər

TADİV rəhbəri Aygün Əttar bildirib ki, bu gündən başlanan dəstək kampaniyasına daxil olan heyət yaxın vaxtlarda Azərbaycana səfər edərək, aksiyaçıların yanında olacaq.
Sputnik
BAKI, 14 dekabr - Sputnik. Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və bir qrup qeyri-hökumət təşkilatları (QHT) Qarabağda qanunsuz olaraq istismar olunan, ekoloji terrora məruz qalan Azərbaycan torpaqları ilə bağlı Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən həmvətənlərimizə həmrəylik nümayiş etdirən mətbuat konfransı keçirib.
Mətbuat konfransında TADİV rəhbəri Aygün Əttar bildirib ki, bu gündən başlanan dəstək kampaniyasına daxil olan heyət yaxın vaxtlarda Azərbaycana səfər edərək, aksiyaçıların yanında olacaq.
A.Əttar deyib ki, Qarabağda Azərbaycan torpaqlarının Ermənistan və onun tərəfdarları tərəfindən növbəti dəfə qanunsuz istismarına qarşı Türkiyədən olan QHT-lər Azərbaycandan olan həmkarlarına hər şəkildə dəstək göstərməyə hazırdır.
TADİV rəhbəri məsələ ilə əlaqədar tədbirdə qəbul edilən bəyanatın Ankarada yerləşən BMT-nin nümayəndəliyi başda olmaqla, bütün beynəlxalq təşkilatlara da göndəriləcəyini deyib.
Bəyanatda qeyd edilir ki, Qarabağın təbii sərvətləri beynəlxalq kriminal fəaliyyətlərlə məşğul olan iş adamları və şirkətlər vasitəsilə talanır.
Bəyanatda daha sonra bildirilir ki, Azərbaycan Ekologiya Nazirliyi və “Azergold” şirkəti mütəxəssislərinin ölkəmizə məxsus olan mədənlərə qanuni yolla nəzarət etmək və orada Azərbaycanın ekologiyasına dəyən ziyanı müəyyən etmək cəhdinin qarşısının alınması qanunsuzluqdur.
Bəyanatda bütün dünyanın ekoloqları və müvafiq beynəlxalq təşkilatları Azərbaycanın ekologiyasının Ermənistan tərəfindən məhv edilməsinə son qoyulması üçün fəal olmağa dəvət edilib.
SİYASƏT
Şuşa-Xankəndi yolunda aksiya keçirənlər sülh rəmzi olan göyərçinləri havaya buraxıblar