BAKI, 14 dekabr — Sputnik. ABŞ səfirliyi Şuşa-Xankəndi yolunda keçirilən aksiya ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.
Səfirliyin açıqlamasında qeyd olunub ki, Laçın dəhlizinin bağlanmasının ciddi humanitar təsirləri var və sülh prosesini ləngidir.
"Biz Azərbaycan hökumətini dəhliz boyu sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Gələcəyə yol danışıqlardan keçir", - deyə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bundan başqa, Fransa Laçın dəhlizinə hərəkəti bərpa etməyə çağırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Hərəkətin məhdudlaşdırılmasının ciddi humanitar nəticələrə səbəb olacağı qeyd edilir.
Paris Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin pozulmasından təəssüfləndiyini bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı Laçın yolu ilə mülki avtomobillərin maneəsiz hərəkətini bərpa etmək üçün Bakı ilə danışıqlar aparır.
Dekabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüş keçirib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Prezidentin köməkçisi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.