BAKI, 14 dekabr - Sputnik. Parisdə AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsinin iclası keçirilib.
İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və üzvü Asim Mollazadə iştirak ediblər.
Komitə iclasının gündəliyində bir sıra məsələlər müzakirə edilərək qərarlar qəbul olunub.
İclas zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri R.Rubenyan adəti üzrə böhtan xarakterli çıxışını unutmayıb. Erməni deputatın son günlər Şuşa-Laçın yolunda baş verən hadisələr haqqında reallığı əks etdirməyən, böhtan xarakterli çıxışının qarşısı alınıb.
Azərbaycanlı deputatlar - Səməd Seyidov və Asim Mollazadə çıxış edərək, beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisində Ermənistan tərəfinin təxribatlar törətməkdə davam etdiyini bildiriblər. Azərbaycanlı deputatlar vurğulayıblar ki, Ermənistan Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edir və bunun qarşısının alınması vacibdir.
Həmçinin Azərbaycan ərazilərində gizli ekoloji qazıntılar aparılır və ətraf mühitin çirkləndirilməsi davam edir. Ermənistanın Azərbaycan ərazilərində apardığı qeyri-qanuni iqtisadi fəaliyyət beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Ermənistan qarşılıqlı razılaşmaya riayət etmir və monitorinq aparılmasına qəsdən mane olur.
Azərbaycanlı deputatlar Rusiya sülhməramlılarının Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvlərinə, könüllülərə və jurnalistlərə qarşı kobud rəftar etdiyini vurğulayıblar.