SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev və Mehriban Əliyevanın Türkmənistana rəsmi səfəri başa çatıb

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər yola salıblar.
Sputnik
BAKI, 14 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri dekabrın 14-də başa çatıb.
Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər yola salıblar.
Bundan əvvəl Türkmənbaşı şəhərində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi nahar verilib.
Xatırladaq ki, bu gün Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər.
Zirvə görüşündə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş 3 ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunub.
Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalanıb.
Həm İlham Əliyev, həm də R.T.Ərdoğan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla ayrı-ayrılıqda görüşüblər.