BAKI, 14 dekabr — Sputnik. Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulanıb. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olunub. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın bu il də uğurla davam etdirildiyi bildirilib.
Xatırladaq ki, bu gün Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər.
Zirvə görüşündə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş 3 ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunub.
Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalanıb.
Həm İlham Əliyev, həm də R.T.Ərdoğan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla ayrı-ayrılıqda görüşüblər.