BAKI, 14 dekabr — Sputnik. Ermənistan parlamenti Laçın dəhlizinin bağlanması məsələsi ilə bağlı növbədənkənar iclas keçirəcək. Bunu "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədri Babken Tunyan parlamentdə keçirilən dinləmələr zamanı deyib.
"Dekabrın 12-si səhər saatlarından yol bağlanıb. Bununla əlaqədar bu gün, yəqin ki, saat 13:00-13:30-da növbədənkənar iclas keçirəcəyik", - Tunyan bildirib.
Erməni onu da qeyd edib ki, parlament növbədənkənar iclasında bu məsələ ilə bağlı bəyanat qəbul edəcək.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.