BAKI, 14 dekabr - Sputnik. ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə vermək üçün özünəməxsus fürsət görür.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Konqres Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Cənubi Qafqaz kontekstində biz hesab edirik ki, Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək üçün unikal imkan var”, - o deyib.
Dövlət katibinin köməkçisi həmçinin Rusiyanın sülhün nizamlanmasındakı roluna işarə edərək bildirib ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.