DÇ-2022

DÇ-2022: Son üç yarımfinalda sevinən fransızlar, rəqiblərdən qol buraxmayan Mərakeş

Mundiallar tarixində bir turnirdə iki Afrika təmsilçisinə məğlub olan komanda yoxdur. "Xoruzlar" D qrupunda Tunisə 0:1 hesabı ilə uduzub.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində üz-üzə gələcək Fransa və Mərakeş yığmaları daha əvvəl beş dəfə bir-birilərinə rəqib olublar.
Bu oyunlardan üçündə qalib gələn avropalılar, iki oyunda heç-heçəyə razılaşıblar.
Tərəflər arasında sonuncu qarşılaşma 2007-ci ildə gerçəkləşib. Həmin vaxt yoldaşlıq görüşündə 2:2 olmaqla bərabərlik qeydə alınıb.
Mundiallar tarixində bir turnirdə iki Afrika təmsilçisinə məğlub olan komanda yoxdur. "Xoruzlar" D qrupunda Tunisə 0:1 hesabı ilə uduzub. Fransa millisi yarışda yeddinci dəfə yarımfinalda mübarizə aparacaq. İlk üç cəhdində (1958, 1982, 1986) finala yüksələ bilməyən yığma, bu raunddakı son matçlarında (1998, 2006, 2018) mərhələni keçib.
Yarımfinala yüksəlməklə ilkə imza atan Mərakeş finala vəsiqə qazanan ilk Afrika komandası olmaq niyyətindədir. Valid Reqraginin baş məşqçi olduğu kollektiv DÇ-2022-də rəqib futbolçulardan qol buraxmayıb. Yalnız Kanada seçməsinə qarşı qrup oyununda Nayef Aguerd avtoqol müəllifi olub. Daha əvvəl 2006-cı ildə bütün yarış boyu qapısında iki qol görən İtaliya və 2010-cu ildə eyni sayda qol buraxan İspaniya millisi çempionluq sevinci yaşayıb.
Avropa təmsilçisinin məşqçisi Didye Deşam baş məşqçi kimi mundiallardakı 17 görüşün 13-dən qələbə ilə ayrılıb. Qeyd edək ki, Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Report)