SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cənubi Qafqazda istənilən geosiyasi dəyişiklik təhlükəli ola bilər - İran səfiri

İranın Rusiyadakı səfiri bildirib ki, Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünü tam dəstəkləyirlər və bu regionda istənilən geosiyasi dəyişikliyi təhlükəli hesab edirlər.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Tehran Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, regionda istənilən geosiyasi dəyişiklik təhlükəli ola bilər. Bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
"Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələsi bizim üçün çox önəmlidir. Biz Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünü tam dəstəkləyirik və bu regionda istənilən geosiyasi dəyişikliyi təhlükəli hesab edirik və buna qarşıyıq", - iranlı diplomat bildirib.
Cəlali eyni zamanda "3+3" formatının (Ermənistan, Gürcüstan, Azərbaycan – Rusiya, İran, Türkiyə) əhəmiyyətini qeyd edib.
"3+3 platformasına gəlincə, siz bilirsiniz ki, İran bu formatın iştirakçılarından biridir. İlk iclasda fəal iştirak etdik. Biz bunu ən yaxşı yol hesab edirik. Mən bu formatda dialoqu, qarşılıqlı fəaliyyəti, eləcə də danışıqları nəzərdə tuturam", - İran səfiri bildirib.
Xatırladaq ki, 2021-ci il dekabrın əvvəlində Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirinin həmsədrliyi ilə 3+3 regional platformasının ilk iclası keçirilib. Gürcüstan indiyədək formata qoşulmaqdan imtina edib.