"İndiyədək uşaq bağçasında bişirilən qidanın keyfiyyətinə tam nəzarət etmək mümkün deyildi. Çünki, bunu təmin etmək fiziki baxımdan imkansızdır. Amma bağçalar üçün alınan ərzaq məhsulları bir fabrik-mətbəxdə hazırlanarsa, həmin yeməklərin keyfiyyətinə ciddi nəzarət etmək mümkün olacaq. Tutaq ki, indiki halda bağçada uşaqlara ayrılan ərzaq məhsullarının mənimsənilməsi riski varsa, fabrik-mətbəxdə bu risk azalacaq. Həm Elm və Təhsil Nazirliyi, həm də Qida Təhlükəsizliyi Agentliyi buna nəzarət edəcək".
"Uşaq bağçaları rayon icra hakimiyyətlərində olduğu müddətdə bağçalara verilən ərzağın mənimsənilməsinə dair şübhələr çox idi. Bağçalarda uşaqlara verilən yeməklərin keyfiyyəti də qənaətbəxş deyildi. Məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin balansına verildikdən sonra bir sıra yeniliklərə start verildi. Uşaqların bağçalara elektron qəbuluna başlanıldı, bağça tərbiyəçilərinin işə imtahanla qəbulu həyata keçirildi. Bu yeniliklərin hamısı bağçalarda şəffaflığa xidmət edən amillərdir. Çünki, indiyədək bağçalara uşaqların pulla qəbul edilməsi kimi hallar mövcud idi. Nazirliyin bu yenilikləri tətbiq etməsi bağçalara təhsilin bir parçası kimi yanaşmasından irəli gəlir. Uşaq bağçalarına isti yeməklərin verilməsi də bu qəbildən görülən işlərdəndir. Bu üsul uşaqlar üçün hazırlanan yeməklərin tərkibinin keyfiyyətli olmasına imkan verəcək. Çünki, yeməklərin hazırlandığı mətbəxlərə bir neçə qurum nəzarət edəcək".