BAKI, 14 dekabr — Sputnik. Azərbaycanda bitki yağlarının qiymətlərində davamlı artım müşahidə edilir. Həm yerli, həm də xaricdən gətirilən bitki yağlarının orta aylıq satış qiyməti bahalaşıb. İdxal olunan bitki yağları isə yerli məhsullardan daha baha satılır.
Zeytun, günəbaxan, qarğıdalı yağlarının qiymətləri...
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin oktyabr ayında ötən ilin oktyabr ayı ilə müqayisədə yerli zeytun yağının 1 litrinin orta aylıq qiyməti 1 manat 59 qəpik və ya 13,7% artaraq 11 manat 60 qəpikdən 13 manat 19 qəpiyə qalxıb. İdxal olunan zeytun yağının orta qiymətində isə 1 manat və ya 6,5% artım olub. Ötən ilin oktyabrında 15 manat 40 qəpik olan yağın qiyməti cari ilin oktyabr ayında 16 manat 40 qəpik təşkil edib.
Günəbaxan yağının orta aylıq pərakəndə satış qiymətində də artım müşahidə olunub. Bu ilin oktyabrında ötən ilin müvafiq dövrünə nisbətən yerli günəbaxan yağının 1 litrinin qiyməti 4 manat 22 qəpikdən 5 manat 60 qəpiyədək artıb.
Nəticədə qiymətlər 1 manat 38 qəpik, yəni 32,7% yüksəlib. İdxal olunan günəbaxan yağının qiyməti isə 1 manat 84 qəpik və ya 41,4% artaraq 4 manat 44 qəpikdən 6 manat 28 qəpiyə dəyişib.
Qarğıdalı yağlarına gəldikdə isə yerli qarğıdalı yağının 1 litri ötən ilin oktyabr ayında 5 manat 41 qəpik idisə, bu ili oktyabrında 7 manat 17 qəpik olub. Nəticədə 1 manat 76 qəpik və ya 32,5% qiymət artımı baş verib. Xaricdən gətirilən qarğıdalı yağı keçən ilin oktyabrında 5 manat 84 qəpik idisə, bu ilin oktyabrında 7 manat 61 qəpik olub. Nəticədə ötən illə müqayisədə 1 manat 77 qəpik və ya 30,3%-lik fərq meydana gəlib.
Dünyada bitki yağları bahalaşıb
Qeyd edək ki, dünyada 2022-ci ilin mart ayında kəskin artan günəbaxan yağının qiyməti növbəti aylarda ardıcıl olaraq azalsa da, oktyabr ayında yenidən artıb. Əvvəlki aya nisbətən 3,6% artan qiymət 1 ton üçün 1353 ABŞ dollarına qalxıb.
2022-ci ilin oktyabr ayında zeytun yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən İtaliya bazarında 4,8%, İspaniya bazarında 10,6%, Yunanıstan bazarında isə 10,1% artmaqla müvafiq olaraq 5175, 4319 və 3638 ABŞ dolları təşkil edib.
İki müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət edilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirir. Yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan “Bakı Qida və Yağ Fabriki” MMC və “Sun Food” MMC-yə müraciət edilib.
Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq sahədə araşdırmaları davam etdirir.
Baş nazir ərzaq qiymətinin artmasına münasibət bildirib
Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının iki rəqəmli olmasına səbəb olub:
"Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub".
Ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı problem yoxdur
Əli Əsədov dünya ərzaq bazarlarındakı vəziyyətlə bağlı, əksər ölkələrdə olduğu kimi, Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərinin daha da aktuallaşdığını deyib. O, Nazirlər Kabinetinin "Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 2022-ci il 21 fevral tarixli Sərəncamının icrası istiqamətində bir çox vacib tədbirlərin görüldüyünü qeyd edib.
Bildirib ki, növbəti ildə ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur. Ümumiyyətlə, dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq, ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem yoxdur. O qeyd edib ki, qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür.
Bitki yağları idxalda əsas malların içərisində yer alır
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 10 ayında bitki və heyvan mənşəli piylər və yağlar idxalda əsas malların içərisində yer alıb. 221 milyon dollar dəyərində 125 min ton bitki və heyvan mənşəli piylər və yağlar ölkəyə gətirilib. Ötən ilin 10 ayında isə 175 milyon dollar dəyərində 125 min tondan bir qədər çox bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib. Həcm dəyişməsə də, dəyər ifadəsində kəskin fərq var. Bu da dünyada yağların qiymətinin kəskin qalxdığını göstərir. Başqa sözlə, bu il eyni miqdarda mallar üçün daha çox pul xərclənib.
Yerli yağların ixracı azalıb
Onu da bildirək ki, Azərbaycandan bitki və heyvan mənşəli piylər və yağlar xaricə də ixrac edilir. Yerli yağlar iхracda əsas malların içərisində yer alır. Bu ilin 10 ayında ölkədən 25 milyon dollar dəyərində 13 min ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib. Keçən ilin 10 ayına nisbətən ixracda azalma müşahidə edilir. Belə ki, ötən il ölkədən 18 min ton bitki və heyvan mənşəli piylər və yağlar xaricə göndərilib.
Yerli istehsal da aşağı düşüb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda duru bitki yağlarının istehsalı 10 ayda 6,1% azalıb. Həmin dövrdə 40 min 419 ton duru bitki yağları istehsal edilib.
İlin sonuna illik inflyasiya proqnozu yüksəldilib
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, aparılan təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında əsasən xarici mənşəli xərc amillərinin mühüm rol oynadığını göstərir. Bu amillər daxili istehsal xərclərinə də təsir edir. 2022-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəldilib. 2023-cü ildə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır.